Tofiq Köçərli
 
Yeri görünən insan

"Azərbaycanın elmi ictimayyətinə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərli 2007-ci il oktyabrın 31-də ömrünün 79-cu ilində vəfat etmişdir."

Üçü, yeddisi, cümə axşamları ötmüş, Tofiq Köçərlinin yoxluğunun qırxı yaxınlaşır.

Tofiq Köçərlisiz 40 gün... günlər nə tez keçır, İlahi...

Ölüm haqdır, demişlər. Ən qüdrətli şahlar da, ən müdrik alimlər də, hətta müqəddəs Quranda peyğəmbər dərəcəsinə ucalmış loğmanın özü də əcəldən qaça bilməmişlər. Ölüm Allah əmridir. Əlisöhbət Sumbatzadənin, Firudin Köçərlinin, Ziya Bünyadovun yoxluqları ilə barışa bilmədiymiz kimi. Ölüm haqq da olsa, belə insanların onillər boyu yeri görünür. Eləcə də Tofiq Köçərlinin. Kimisə təqdim etdikdə çox vaxt müxtəlif epitetlər işlədirsən. Bu filan ad, dilan vəzifə sahibidir. Tofiq Köçərli ən yüksək elmi adlar da almışdı, dərəcələr də, vəzifələr də, mükafatlar da. Ancaq Tofiq Köçərli ilk növbədə nadir insan idi. Qardaşı məhşur filosof Firudin Köçərli kimi Tofiq də yüksək epitetsiz tanınırdı... Son dərəcə sadə, qayğıkeş idi. Tək-tək insan belə təvəzökar ola bilir. Tofiq üçün sadəcə insan amili vardı. Cəmiyyətdə tutduğu mövqedən asılı olayaraq o hamını Allah bəndəsi sayırdı. Necə deyərlər, uşaqla uşaq idi, böyüklə böyük. Sən qızıldan villa sahibi də ola bilərsən, ancaq qızıldan ürək sahibi ola bilməzsən. Tofiq saf-təmiz qızıl ürək sahibi idi.

Tofiq dost axtaran, dost tapan insan idi. Fəxr edirik ki, Tofiq Köçərli kimi dostumuz olub. O, "İqtisadiyyat" qəzeti redaksiyasına tez-tez gələrdi. Ürək sözlərini bizim qəzetin səhifələrində görməkdən mənəvi zövq alardı. Hər dərc olunmuş yazısını gördükdə vicdan dinclik tapardı.

O, əsl Allah adamı idi, elə bu eşqin gücü ilə də vicdanı qarşısındacdaim hesabatda idi. Akademik Tofiq Köçərli o adamlardan idi ki, vicdanı daim oyaq qalardı. Tofiq Köçərli vicdanının həyəcan səsi dəfələrlə "İqtisadiyyat" qəzeti səhifələrindən dəucalmışdır.

Akademik Tofiq Köçərli Qarabağ fəlakətini dərd adlandıranlara etiraz edirdi. Qarabağın xilası bizim vicdani borcumuzdur, deyirdi. Deyirdi və öz payına əməl də eləyirdi. Kaş Qarabağın yanğısını hamı Tofiq Köçərli ürəyi kimi alovlandıra biləydi!

Akademik Tofiq Köçərli vətənpərvərliyi və millət heysiyyatını bazar iqtisadiyyatına bağlayanlara dözə bilmirdi. Qarabağ nə göz yaşına çevrilməlidir, nə də pula. Tofiq Köçərli ürək yanğısı ilə "Qarabağ qeyrət meyarına çevrilməlidir", deyərdi.

Sonsuz minnətdarlıqla bildiririk ki, Tofiq Köçərli Qarabağ məsələsi mövzusunda öz elmliyi, tarixi dürüstlüyü və vətən sevgisiylə seçilən əsərlər yazmışdır. Qürur hissi keçiririk ki, onlardan bir çoxu, sayılıb seçiləni "İqtisadiyyat" qəzetində dərc edilmişdir. Qarabağ həqiqətindən xəbərdarolmaq istəyənlərə bir daha məsləhət görürük ki, akademik Tofiq Köçərlinin "Erməni saxtakarlığı" adlı məqaləsini təkrar-təkrar oxusunlar.

Akademik Tofiq Köçərli bir tarixçi kimi ilk növbədəözünə tələbkar alim olub. Onun nəzərincə ,tarixçi dünyanın keçmişinə, indisinə, hətta gələcəyinə də məsul bir insan olmalıdır. Bir sözlə, tarixçi dünya gərdişinin loğmanıdır. Tofiq Köçərli Respublikamızın keçmişindən, Qarabağın və Naxçıvanın tarixindən elə yerli-yataqlı söz açıb ki, onun göstərdiyi fakt və dəlilləri ən qatı daşnaqların özləri belə tekzib edə bilməmişlər. Onun Fransa senatına, Avropa parlamentinə, İtaliya parlamentinə, BMT-nin o zamankı Baş Katibi Kofi Annana məktubları dərin və geniş elmi axtarışların bəhrəsidir.

Tofiq Köçərlinin K.Annana məktubundan:

"Bütün hallarda yalan - bəladır, mənəviyyatsızlıqdır. Tarixə baxışda isə bu, ikiqat bəladır. Çünki keçmiş haqqında, xüsusən ərazi məsələlərində qəsdən deyilən yalan, saxtakarliq - dövlətin siyasətinə nüfuz edir, yalan və mifoloji təsəvvürlər üzərində qurulan dövlət siyasəti isə qonşu ərazilər barədə iddialar doğurur, milli münaqişələrə səbəb olur, qanlı müharibələrlə nəticələnir. Bir çox milli münaqişələrin, müharibələrin yolu mehz tərəflərdən birinin digərinə yalan, saxta ərazi iddialarından başlamışdır.

Ermənistanın və yaxud hər hansı başqa bir dövlətin bütün dünyanı və həmçinin BMT-ni yalanlarla aldatmağa göstərdiyi cəhdlər ifşa edilməlidir. Bu həm də ona görə xüsusən vacibdir ki, Ermənistan BMT-yə müntəzəm olaraq dezinformasiya ötürməyi özünə artıq peşə etmişdir. Bir fakt. 1997-ci il sentyabrın 2-də Ermənistan BMT-də Dağlıq Qarabağ haqqında bir sənəd yayıb. Orada, sabah yalana görə cavab vermək lazım gələcəyindən ehtiyatlanmadan deyilib ki, "1918-ci ildə Dağlıq Qarabağda ermənilərin sayı 300-330 min nəfərə qədər idi". Halbuki o zaman bütün Qarabağda, Dağlıq Qarabağ da daxil olmaqla, cəmi 142111 nəfər erməni (və 207122 nəfər azərbaycanlı!) olub".

Peyğəmbərimiz demişdir ki, əsl alim öyrəndiklərini başqalarına da öyrətməlidir. Akademik Tofiq Köçərli həm şəxsi həyatında, həm də elmi fealiyyətində müəllimin şərəf və ləqayətini ucadan uca tutnuşdur. Müqəddəs təlilmlərdə məlumdur ki, Tanrı insanlığınəcdadı olan Adəm ata ilə Həvvanı İlahi qadağaları pozduqları üçün cəzalandırıb, göyün yeddinci qatında olan behiştdən yerə endirmişdir. Mehz müqəddəs müəllim əməyinin nəticəsidir ki, Adəm övladları yenidən göylərə ucalır. Ata-ana uşağı dünyaya, araya-ərsəyə gətirirsə, müəllim onu əsl insan edir.

Akademik Tofiq Köçərli neçə-neçə nəslin Allah adamı kimi böyüməsində, kamilləşməsində öz müqəddəs müəllimlik vəzifəsini şərəflə yerinə yetirmişdir. Qızıl həriflərlə yazılmalıdır ki, Tofiq Köçərli müəllimlər müəllimi olmuşdur.

Deyir, göz ürəyin aynasıdır. Elələri vardır ki, gündüz-günorta vaxtı rastlaşanda ürəklər zülmətlə doldurur. Akademik Tofiq Köçərli üz-gözünə peyğəmbər nuru çilənmişdir. Elə bu səbəbdən də, hamı onun xətrini doğması qədər əziz tuturdu.

Bəli, akademik Tofiq Köçərlinin vəfatı xalqımız və elmimiz üçün ağır itkidir. İnsan var ki, sağlığında da yeri görünmür, kölgə kimi gəlir, kölgə kimi dəizsiz-soraqsız itir. ömür tarixində quruca doğum və ölüm rəgəmlərindən başqa heçnə qalmır. Mənalı ömür sürən insanlar isə həyatda puzulmaz iz salır, gəlimli-gedimli dünyada ölümsüzlük qazanır. Belələri haqq dünyasına qovuşanda belə yeri görünür. Akademik Tofiq Köçərlinin yeri elm zirvəmizdə, insanların ürəyindədir.

Akademik Tofiq Köçərli əsl insanlıq nümunəsi, ziyalılıq nümunəsi, azərbaycanlılıq nümunəsi olmuş, sanballı əsərləri ilə sübut etmişdir ki, həqiqi tarix necə yazılmalıdır.

Akademik Tofiq Köçərlinin əsərləri, mübaliğəsiz demək olar ki, Azərbaycan bütövlüyünün alınmaz qalalarıdır.

İllər, on illər, daha çox illər ötəcək, müstəqil respublikamızın tanınmışları sırasında akademik Tofiq Köçərlinin də həmişəyaşar adı ürəklərə işıq saçacaqdır.

Allah rəhmət eləsin!

Ziyad Səmədzadə,
Akademik, Milli Məclis iqtisadi siyasət daimi komissiyasının sədri

Əfqan, Yazıçı, Əməkdar incəsənət xadimi