Tofiq Köçərli
 
Xalqa xidmət nümunəsi

Hər bir insan dünyaya gələn andan qismətinə düşən bir ömür payı yaşayır. Yaşanan ömür payının yaddaşlarda necə iz qoyması isə insanın özündən asılıdır. Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən belələri ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardı. Öz alicənablığı və təvazökarlığı ilə seçilən, şəxsi həyatını ictimai həyata qatmağı bacaran Tofiq müəllim də məhz bu cür hörmətə layiq olan insan idi.

Bənzərsiz insan, şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərli, demək olar ki, ömrünün təxminən 60 ilini xalqına və tarix elminin inkişafına sərf etmişdir. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla görüşlərdən, alimlərin dəyirmi masalarından, dövrün nəbzi vuran, xalqın taleyi həll olunan tribunalardan gəlirdi. Tofiq müəllimin keçdiyi mənalı həyat yolu, tutduğu vəzifələr, yazdığı çoxsaylı əsərlər, aldığı yüksək mükafatlar və s. onu əsl ziyalı, elm fədaisi, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.

Tofiq Köçərli iki dövrün şahidi idi. Lakin buna baxmayaraq, onun bütün yaradıcılığı və fəaliyyəti bölünməz bir tamlıqdır. Həyatının mənasını Azərbaycanın statusunun möhkəmlənməsində görən Tofiq Köçərli, "arxayınlaşmaq tezdir" prinsipi ilə yaşayırdı. Ətrafındakı adamlar onu nəciblik, səmimilik, ziyalılıq, aqillik, nuranilik, düzlük, saflıq təcəssümü və nümunəsi kimi tanıyırdılar. Bununla bərabər o, təhlilçi və tənqidçi kimi tərəqqiyə təkan verə biləcək, təkamülə başlanğıc olacaq hər şeyi alovlu bir ürəklə və inadkarlıqla təbliğ edir, gedişatın məntiqindən irəli gəlməyən və qanunauyğunluğa bağlamayan, kabinet nəzəriyyəçiliyinin və ya valyuta-rizmin məhsulu olan "ideyalan" cəsarətlə rədd edirdi. Sözündə, fikrində, fəaliyyətində təmənnasızlıq, xeyirxahlıq onun çoxlarına təhlükəli görünən cəsarətinin sipəri idi. Buna görə də onun söylədiyi fikirlər, irəli sürdüyü ideyalar insanları düşündürürdü.

Əlbəttə, əzablı anlar, xoşagəlməz söhbətlər, son dərəcə daxili gərginlikdə keçən günlər də olurdu. Lakin özünə inamı, təşkilatçılığı, optimizmi onun psixoloji sabitliyini təmin edirdi. O, lider xüsusiyyətlərinə malik olan şəxsiyyət idi - tələbkar, ciddi, dəqiq, ayıq, praqmatik və analitik zehni olan rəhbər etalonu. Təəccüblü deyil ki, Tofiq müəllim uzun illər rəhbər kadrları hazırlayan mərkəzi idarə edirdi-təxminən iyirmi ilə yaxın Bakı Ali Partiya Məktəbinin rektoru olmuşdur. Onun dövründə minlərlə gənc kadr bu məktəbi bitirib dövlət işinə getmiş, çoxu pillə-pillə ali rəhbər vəzifələrə qədər ucalmışdılar. O, çıxışlarında məktəb dinləyicilərini aktual mövzular ətrafında açıq mübahisələrə cəlb edir, onlarla birlikdə qoyulan məsələlərin müasir zaman və şərait baxımından müsbət və mənfi, xeyirli və zərərli tərəflərini axtarır, onlara fikri, təklifi, tövsiyəni həm prinsipial, həm də etik formalarda düzgün ifadə etmək qabiliyyəti aşılayırdı.

Qədim yunan filosofu Sokratın məşhur kəlamı var: "Əgər söz çatmırsa, dəyənək də kömək etməz". Bu həqiqətə əsaslanaraq, Tofiq Köçərlinin fikrincə, ən güclü silah kəsərli sözdür. Bacarıqlı natiq Tofiq Köçərli sözün imkanlarından, fikrin sehrindən məharətlə istifadə edir. Onun üçün insanı dəyişdirən, fəallaşdıran, cilalayan və qiymətli edən əsaslı sözdür, məzmunu aydın olan, məntiqli fikirdir. O, söz közündən fikir tonqalı alışdıra bilənlərdəndir.

Ali Sovetin deputatı və Milli Şuranın üzvü olarkən siyasi ehtirasların xaosunda tribunadan T.Köçərlinin tarixi təcrübəyə və elmi əsaslara, həyat gerçəkliklərinə və sərt həqiqətə, soyuq əqlə və sadə məntiqə söykənən fikirləri səslənirdi. Dağlıq Qarabağ hadisələrinin öhdəsindən gəlmək üçün həmişəkindən daha artıq qətiyyəti, dəyanəti, uzaqgörənliyi, siyasi çevikliyi, siyasi və diplomatik fəallığı zəruri bilirdi. Haqq işimizin qələbəsini yalniz düzgün və möhkəm siyasətdə, milli birliyimizdə, yalnız xalq, hakimiyyət və bütün partiyalar, ictimai-siyasi hərəkatlar arasında həmrəylikdə, birgə hərəkəti təmin etməkdə görürdü. O, siyasi romantizmə, milli fanatizmə qapılanları göylərdən endirib sərt həyat həqiqətlərinə bağlamağa, hamının gözünü real təhlükələrə açmağa çalışırdı.

Böyük siyasətçilərin böyük təzyiqlərə dözməsi faktlarını dəfələrlə qeyd edirdi. Bir sıra savadsız, hazırlıqsız, avantürist adamlara qarşı dururdu. Elmdə cəsarətini bilənlər onu cəsur və döyüşkən, öz məqsədi yolunda maneələri aradan qaldırıb irəliləyən bir siyasətçi kimi görmək istəyirdilər. Təəssüf ki, ağlı, zəkası, potensial bacarığı, bir sözlə, intellektual səviyyəsi güclü olan adamlar siyasət təzyiqlərinə dözmürlər. Tofiq Köçərlinin dediyinə görə, "bunlar elə adamlar idi ki, ingilis misalında olduğu kimi, özlərinə qayğanaq bişirmək üçün evi yandırmağa hazır idilər". Eşidilməyən Tofiq Köçərli deputat mandatından imtina edib, Milli Məclisi tərk edir. Bu addım-protest aktı idi.

Lakin Tofiq müəllim geri çəkilmir, görülmüş işlərlə kifayətlənmir. Sonrakı dövrdə çox və səmərəli çalışır. Dağlıq Qarabağ tarixinə dair tədqiqat işlərini daha da dərindən araşdırır. Sözün həqiqi mənasında ölkənin həlledici problemlərinə həsr olunan kitablar, hər sətrində günün aktual məsələlərini açan nəzəri və praktik dəyərli məqalələr onun imzası ilə işıq üzü görür. Azərbaycan tarixi, xüsusən Dağlıq Qarabağ və Naxçıvan tarixi erməni müəlliflərinin açıq və həyasız saxtalaşdırması, yayılmış yalan uydurmaları ilə mübarizə aparır. O, erməni saxtakarlığını tənqid və ifşa etmək sahəsində çox iş görür. Çoxlu sənəd məcmuələri, tarixi mənbələri, tədqiqat əsərlərinin nəşri ilə yanaşı olaraq tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa cəhd edir. Balayanları, kaputikyanları, xanzadyanları Dağlıq Qarabağ haqqında fitnələrə, qızışdırıcı sözlərə, ağ yalanlara görə müttəhimlər kürsüsünə oturtmağa çağırır. "Nürnberq prosesi" lazımdır... Tarixin Məhkəməsi, Xalqın Məhkəməsi olacaqdır!" Amma Azərbaycana qarşı ideoloji hücum və təxribatların tezliklə səngiməsinə ümid etmək sadəlövlük olardı.

Tofıq Köçərlinin fikrincə, dövlət özünü ideoloji təxribatlardan, yalan və böhtanlardan qorumağı bacarmalıdır. Azərbaycanın ərazi bütövlüyünü və dövlət bütövlüyünü bərpa etməyi, erməni təcavüzkarını lazımınca cəzalandırmağı dövlətimizin, xalqımızın müqəddəs işi və ən başlıca vəzifəsi sayırdı. Bu antiazərbaycan xorunda erməni müəllifləri ilə yanaşı, bəzi rus ziyalıları da fəal iştirak edirlər. Tofiq müəllim məqalələrində onların mövqeyinə irad tuturdu. O hesab edirdi ki, ermənilər qarşılarına qoyduqları məqsədlərə xidmət etmək qabiliyyətində olanları məharətlə ələ alıb öz fikirlərini başqalarının dili ilə səsləndirməyi bacarırlar.

"Qarabağ: yalan və həqiqət", "Yaddan çıxmaz Qarabağ", "Nəqşi-cahan Naxçıvan" əsərləri Azərbaycan torpaqlarına göz dikənlərin simalarını açır, dayandıqları "elmi" platformaları darma-dağın edir. Bu əsərlər bədxah qonşularımıza cavab kimi yazılsa da, əslində tariximizdən bixəbərlər üçün də dərslikdir.

Antiazərbaycanizm ideologiyasına və təbliğatına qarşı mübarizə dövlət səviyyəsində təşkil olunmalıdır. Tofiq Köçərlinin təklifi bu idi ki, Azərbaycan Respublikası Prezidenti İcra Aparatı nəzdində antiazərbaycanizmlə mübarizəni planlı, sistemli, mütəşəkkil, məqsədyönlü qaydada aparan sektor yaradılsın. Biz olduqca məkrli, amansız, təcrübəli, hiyləgər bir qüvvə ilə qarşılaşmışıq. Onun bu onillik tarixi olan xəbərdarlığı indiyə kimi aktualdır (bax: "Qarabağ: yalan və həqiqət", 1998-ci il).

"Yalan 24 saat ərzində yayılırsa, yalanı təkzib etmək üçün 100 il tələb olunur" zərb-məsəlində həqiqət çoxdur. Eyni zamanda erməni saxtakarlığının da dərəcəsi hüdudsuzdur. 2001-ci il aprelin 30-da Ermənistan Birləşmiş Millətlər Təşkilatında yaydığı “Memorandum”la əlaqədar qəzəblənmiş 72 yaşlı Tofiq Köçərli BMT-nin baş katibi Kofi Annana məktub yazır. Ermənistanın BMT-yə təqdim etdiyi "təkzibolunmaz faktlar" yalan, uydurma və saxtakarlıq adlandırılır. "Bütün hallarda yalan bəladır, mənəviyyatsızlıqdır. Tarixə baxışda isə bu, ikiqat bəladır". Görkəmli alimin nöqteyi-nəzərinə görə, Ermənistan BMT-yə müntəzəm olaraq dezinformasiya ötürməyi özünə peşə etmişdir. Bu "Memorandum" BMT-ni, Təhlükəsizlik Şurasını aldatmaq məqsədi güdən diplomatik fitnəkarlıq və elmi nadanlıq idi.

2002-ci ildə "Elm" nəşriyyatında Tofiq Köçərlinin "Qarabağ" adlı kitabı işıq üzü görür. Bu yeni kitabda müəllif sənəd və mənbələrin dili ilə ermənilərin və digər saxtalaşdırıcıların Qarabağ haqqında uydurma, yalan və böhtanlarını ifşa edir. Eyni zamanda tariximizin hələ lazımi səviyyədə öyrənilməmiş bəzi məsələlərini işıqlandırır.

2004-cü ilin "North West Co.Ltd" firmasının sponsorluğu ilə nəşr olunmuş "Məqalələr" məcmuəsində alimin maraqlı analitik fikirləri qeyd edilir: "Fransa senatına..." məktubda daşnak cinayətləri; elm fədailəri Ziya Bünyadov, Əziz Mirəhmədov, Ağababa Rzayev və b.; Danimarka, Türkiyə və Moskva səfərləri haqqında. Eyni zamanda kitabda verdiyi müsahibələrdə müəllifin aktual problemlər barəsində düşüncələri bizə "tanış naməlum şəxsi" göstərir.

Öz mühakimələrində Tofiq müəllim müasir zamanədə cəmiyyətin qorxulu xəstəliklərindən olan elmi-nəzəri və idrak passivliyini, keçmiş nəsillərin taleyinə biganəliyi tənqid edirdi. Tanınmış alimin iddiasına görə, bütün çətinliklərə, məhdudiyyətlərə baxmayaraq Azərbaycan sovet dövründə böyük inkişaf yolu keçib. Görülən işlər elə əhəmiyyətli, elə görkəmlidir ki, onları tarixdən pozmağa heç kəsin gücü çatmaz. Bu gün yaşlı nəsil də, orta nəsil də şahiddir ki, tarix baxımından bir göz qırpımı olan 70 ildə nə qədər böyük işlər görülüb. Tarixçinin də, filosofun da, siyasətçinin də, tədqiqatçının da hünəri ondan ibarət olmalıdır ki, göstərməklə bərabər nəticələrini də təqdim etsin. "Xalqın tarixini saxtalaşdırmaq tarixə də, xalqa da xəyanətdir".

Xalqımızın zəngin və mənalı ömür sürmüş, gərgin və məhsuldar işləmiş, coşğun və səmərəli fəaliyyət göstərmiş ziyalısı Tofiq Köçərli müasir dövrümüzün rəmzidir. O, Azərbaycan tarixinin indiyə qədər əl dəyilməmiş səhifələrini açmış, tariximizi təhrif edən yaxın-uzaq saxtakarlara cavablar hazırlamışdır. "Qorxu sindromundan" uzaq olan, qorxaqlıq azarı ilə xəstələnməyən, bu günümüzü, tariximizi, kimliyimizi, mentalitetimizi, qabiliyyətimizi bilən şəxsiyyət, xalqın dostunu da, düşmənini də, ziyalısını da, sadə əmək adamlarını da, iqtidarını da, müxalifətini də yaxşı tanıyırdı.

Tofiq Köçərli böyük nüfuz sahibi idi. Keçdiyi həyat yolu ona söz demək, fikir söyləmək, nəyin yaxşı, nəyin pis olduğuna qiymət vermək səlahiyyəti qazandırmışdı. Bu gün deyə bilərik: Tofiq Köçərli cəmiyyətimizin "nəbzi" idi. Alimin dərin, geniş erudisiyası, güclü məntiqi, qeyri-adi fəhmi, bənzərsiz müşahidə qabiliyyəti özünü onun elmi əsərlərində göstərdi. Onun çoxəsrlik və mübarizəli tariximizin qaranlıq səhifələrinə işıq saçdığı böyük əməyi nə unudular, nə yaddan çıxar.

İndi Qarabağ məsələsinə dair elmi-tədqiqat işləri get-gedə genişlənir. İdeoloji meydana yeni alimlər çıxır. Lakin Dağlıq Qarabağ uğrunda ideloji və siyasi savaşda, kəskin mübarizədə özünəməxsus dəstxətti ilə fərqlənən akademik Tofiq Köçərlinin "açdığı cığır" gənc nəsil üçün örnəkdir.

Rafiq Əliyev, AMEA-nın müxbir üzvü, professor