Tofiq Köçərli
 
Tofiq Köçərliyə

Anadan olmasının 50 və uşaqlarının anasına
eşqini izhar eləməsinin 49-cu ildönümü münasibətilə

Ərk edib ilk dəfə Tofiq deyirəm,
Yenicə doğulub özü Tofiqin.
Cəlalı, Zakiri yığıb başına,
Şirindir söhbəti – sözü Tofiqin.

Dostluq yarışının qalibidir o,
Elin filosofu, ədibidir o,
Elə bir ürəyin sahibidir o,
Əyilməz heç zaman dizi Tofiqin.

Gəlib Moskvada çatdı hayıma,
Qatdı öz payını gülüş payıma,
İndi hazırlaşır oğul toyuna,
Qoy özü çağırsın bizi Tofiqin.

Meşə də, çəmən də əzizdir ona,
Vətənin gölü də dənizdir ona,
Dağ yolu aranla əkizdir ona,
Olubdur əbədi izi Tofiqin.

Aşiqdir yarından doya bilməyir,
Dağların qarından doya bilməyir,
Göyçayın narından doya bilməyir,
Qəlib Gədəbəydən sazı Tofiqin.

Bütün məclislərə yaraşıqdır o,
Ətrafa nur yayan qur işıqdır o,
Ən şirin nəğməli bir aşıqdır o,
Tükənməz sözünün duzu Tofiqin.

Aşıq İsfəndiyar, sən də qulaq as,
Köçərlin sözünü unutmaq olmaz,
Öyünüb döşünə döyməsin İlyas,
Daha alovludur közü Tofiqin.

Doğma yurdu özü qədər istəyir,
Dostlarını o yerlərə səsləyir,
Qəlbində müqəddəs arzu bəsləyir,
Xoşbəxt olsun oğlu qızı Tofiqin.

O, dağlar qoynunda doğulduğundan,
Kündəsi saf suda yoğrulduğundan,
Bu ana torpağa vurulduğundan,
Həmişə ağ olmuş üzü Tofiqin.

Nurəddin, Firudin izləyir onu,
Tofiq Əli oğlu gözləyir onu,
Ibrahim müəllim səsləyir onu,
Gözəllik axtarır gözü Tofiqin.

Qurban Yusif oğlu danışsın bu gün,
Camo da söhbətə qarışsın bu gün,
Hüseynin manqalı alışsın bu gün,
Xoşuna çox gəlir quzu Tofiqin.

Ariflə səfərə çıxaq yenə biz,
Səfalı yerlərə baxaq yenə biz,
Dostların əlini sıxaq yenə biz,
Xoş keçsin baharı-yazı Tofiqin.

Əlli harasıdır, yüzdə görüşək,
Həmid istər dağda, düzdə görüşək,
Xəngələ yığışaq, bizdə görüşək.
Deyək: Mübarəkdir yüzü Tofiqin.


Hörmətlə, dostların adından və onların tapşırığı, hətta bəzilərinin əmri ilə Abbas Həmid.
Bakı şəhəri, 11 fevral 1979-cu il.