Tofiq Köçərli
 
Parlaq şəxsiyyət, görkəmli alim, gözəl insan

Azərbaycan tarix elminin və peşəkar tarixçilər nəslinin görkəmli nümayəndəsi, istedadlı alim və ziyalı Tofiq müəllim, onu sevənlərin qəlblərində və tanıyanların xatirəsində yüksək mənəviyyatı, vətənpərvərliyi, insanpərvərliyi, xeyirxahlığı, eyni zamanda əqidəliliyi, prinsipiallığı və əzmkarlığı ilə yadda qalmış və qalacaqdır. Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərindən ilham alan Tofiq müəllim, məzmunlu və çoxşahəli həyatı boyu azərbaycanlı adını qürur və iftixarla daşımış və Azərbaycana sədaqətlə xidmət etmişdir. O, eyni zamanda, bir beynəlmiləlçi və humanist insan kimi, ümümbəşəri ideallara da etinasız qalmamışdır.

Tariximizə dair bir sıra qiymətli elmi əsərin müəllifi olan Tofiq müəllim, bir tarixçi-alim kimi, dəfələrlə Azərbaycan tarixinin dərindən, hərtərəfli və obyektiv öyrənilməsi və yenidən tədqiqinin zəruriliyi barədə fikir səsləndirmişdir. Tofiq müəllimin ictimai elmlərə yaxından bələd olması, tarix elmini və onun metodologiyasını dərindən bilməsi, eyni zamanda, yüksək intellekt, zəka və məntiqə malik olması sayəsində, Azərbaycan tarixşünaslığında tariximizlə bağlı kifayət qədər işıqlandırılmamış və təhrif edilmiş bir çox məsələyə aydınlıq gətirilmiş və mühüm tarixi sənəd və faktlar işıq üzünə çıxarılmışdır. Tofiq müəllimin bu sahədə xidmətləri əvəzsizdir.

Elmi tədqiqatlarında son dərəcə dəqiqliyi ilə seçilən Tofiq müəllim, bir alim kimi, araşdırdığı tarixi hadisələri dərindən təhlil edərək mühüm elmi nəticələr əldə etməyə müvəffəq olmuşdur. Onun əsərləri ardıcıllığı, faktoloji materialın zənginliyi və sadə dillə izah və şərh edilməsilə seçilirdi.

Tofiq müəllim, Dağlıq Qarabağda və onun ətrafında baş vermiş faciəvi hadisələrə bir ziyalı, vətənpərvər və alim kimi etinasız qalmamış və ölkəmizin bu gözəl bölgəsinin tarixinin dərindən araşdırılmasını özü üçün vətəndaş borc və aktual vəzifə hesab etmişdir. Onun Qarabağla bağlı tədqiqatları və əsərləri, Azərbaycan tarix elmindəki bəzi çatışmazlıqların aradan qaldırılmasına yaxından kömək etmiş, eyni zamanda, Qarabağ faciəsilə ağır mənəvi sarsıntı keçirən hər bir azərbaycanlı üçün azda olsa bir təsəlli qaynağı olmuşdur. Bu sahədə bir çox halda novator-alim kimi çıxış edən Tofiq müəllimin son illərdəki elmi fəaliyyəti və tariximizə, o cümlədən Qarabağ tarixinə, dair araşdırmaları və əsərləri Azərbaycan xalqına unutdurulan keçmişini xatırlamağa, milli kimliyi və mənsubiyyətini dərk etməyə, milli ruhun oyanması və yüksəlməsinə xidmət etmişdir. Onun əsərləri hər birimizə Qarabağın Azərbaycan milli məfkurəsinin qaynaqlandığı məkanlardan biri olduğunu və tariximizdə nə qədər mühüm yer tutduğunu göstərmiş, eyni zamanda, tariximizə, dilimizə, mədəniyyətimizə sahib çıxmağa, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağa, xalqımızı ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə milli birliyə və həmrəyliyə səsləndirmişdir.

Tofiq müəllim heç bir zaman Azərbaycan, o cümlədən Qarabağ, tarixini saxtalaşdıranlara qarşı mübarizədə seyrçi qalmamış və erməni müəlliflərinin və ermənipərəst müəlliflərin Azərbaycana qarşı ideoloji təxribatlarını, böhtanlarını, saxtakarlıqlarını, onların Dağlıq Qarabağ haqqında iddialarını və yalanlar uydurub həmin yalanları tarixi həqiqət kimi təqdim etmək cəhdlərini qətiyyətlə ifşa edərək, məqalələri və əsərləri ilə onlara tutarlı cavablar vermişdir. Tofiq müəllim öz əsərlərində bu kimi iddiaların əsassız, qərəzli və uydurma xarakter daşıdığını tarixi sənəd və dəlillərlə açıq-aşkar sübuta yetirmişdir.

Tofiq müəllimin əsərlərində Qarabağın tarixi, etnik tərkibi, Çar Rusiyası və digər bölgə dövlətlərinin Azərbaycanla bağlı geostrateji maraq və planlarının aydınlaşdırılması, ermənilərin Rusiya tərəfindən külli şəkildə İrandan və qismən Türkiyədən Qarabağa köçürülməsi və bu torpaqlarda məskunlaşdırılması, bölgənin xristyanlaşdırılması cəhdləri, Naxçıvan tarixi, Zaqafqaziyada sovet hakimiyyəti qurulmasından sonra erməni millətçilərinin Dağlıq Qarabağa yeni iddiaları, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bir sıra digər məsələlər aydın və ətraflı şəkildə işıqlandırılmış və tariximizlə bağlı bir çox həqiqətlər işıq üzünə çıxarılmışdır.

Tofiq müəllim elmi əsərləri və məqalələrində ermənilərin hiyləgərliyi və ikiüzlülüyünü ifşa etməklə yanaşı, bir çox halda, Ermənistan və Rusiya mətbuatında Azərbaycana qarşı yönəlmiş və tariximizi saxtalaşdıran, təhrif edən, erməni millətçilərinin Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və digər bölgələrinə ərazi iddialarına haqq qazandıran bir çox erməni və ermənipərəst rus müəlliflərinə tarixi sənəd, dəlil və faktlarla mətbuatda operativ olaraq kəskin cavablar vermişdir.

Azərbaycan cəmiyyəti və ölkə tarixşünaslığının Qarabağ hadisələrinə hazırlıqsız yaxalandığı və Qarabağla bağlı tarixi materiallara və sənədlərə böyük ehtiyac duyulduğu dövrdə, Tofiq müəllimin Qarabağla bağlı bəzi yazıları ingilis və rus dillərinə tərcümə edilmiş və kitabça şəklində nəşr edilərək, Azərbaycan diplomatları tərəfindən mötəbər təşkilatlarda və beynəlxalq tədbirlərdə yayılaraq, toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır. Bu materiallar, qismən də olsa, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və Azərbaycana qarşı informasiya blokadasının yarılmasında köməklik etmişdir.

Tofiq müəllim, alimliyi ilə yanaşı, eyni zamanda, bir ziyalı və ictimai xadim kimi də Azərbaycan cəmiyyətinin və ölkə icimaiyyətinin etimadını qazanmışdır. Onun pedaqoji, təşkilatçılıq və idarəçilik keyfiyyətləri sayəsində və xeyir-duası ilə yüzlərlə insan bu gün cəmiyyətimizdə layiqli yer tutmuş və Azərbaycanın dövlət qurumlarında çalışmaqda və ölkənin siyasi, ictimai, elmi həyatında fəal iştirak etməkdədir.

Tofiq müəllimin həyatdakı ən böyük arzusu Azərbaycanı vahid, bölünməz, bütöv görmək və uzun illərdir ki, "gözü yolda, könlü səsdə" qalan otaylı-butaylı xalqımızı bir-birinə qovuşmuş və birgə həyat sürən görmək arzusu idi. O, daima bu ümid və həsrətlə yaşamış, böyük tarixi ədalətsizlik və haqsızlığın ağrısını son nəfəsinədək ürəyində daşımışdır.

Tofiq müəllim gözəl və qayğıkeş ailə başçısı idi. O, həyatı boyu, öz zəngin daxili aləmi və yüksək mənəviyyatı ilə bizə - övladlarına hər kəs üçün müqəddəs və ülvi hiss olan Vətən sevgisi - Azərbaycan sevgisini, vətənpərvərlik duyğusunu aşılamağa və cəmiyyətə ləyaqətli vətəndaş yetişdirməyə çalışmışdır.

Tofiq müəllim həyatda dərin iz buraxaraq aramızdan ayrılmışdır. Onun əziz xatirəsi daima qəlblərimizdə yaşayacaqdır.

Qabil Köçərli, oğlu