Tofiq Köçərli
 
Böyük alim və böyük vətəndaş

Bu il fevral ayının 11-də böyük tarixçi alim, Milli Elmlər Akademiyasının həqiqi üzvü Tofiq Köçərlinin 80 yaşı tamam olur. O, bu 80 ilin 78 ilindən çoxunu qaynar həyat eşqi, böyük yaradıcılıq uğurları, fəal vətəndaş mövqeyi ilə yaşadı. Son iki ilə yaxınını isə mənəvi cəhətdən yaşayır və bu gün də yaşamaqda davam edir. Ona görə davam edir deyirəm, böyük əməl sahibi olan alimin mənəvi ömrü onun fiziki mövcudluğundan həmişə uzun olur. Tofiq Köçərli belə böyük alimlərdən idi və yalnız əsərləri ilə deyil faydalı ictimai fəaliyyəti ilə də millətimizin tarixində və taleyində dərin izlər qoymuşdu. Bu mənada o, tək tarix yazan deyil, həm də tarix yaradan idi.

Tofiq müəllimlə bizim tanışlığımız çox gec olub. Tanışlıq deyəndə ki, mən Tofiq müəllimi, əlbəttə, hələ tələbəlik illərindən tanıyırdım və biz tələbə olanda Tofiq müəllim respublikanın çox tanınmış tarixçilərindən biri idi. Biz 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbələri olanda Tofiq müəllimin də müəllifi olduğu və 1964-cü ildə nəşr edilmiş "Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri" yetərincə populyar bir kitab idi. Bir qayda olaraq tələbələr "Azərbaycan tarixi"nin XIX əsrin sonu və XX əsrin 60-cı illərinə qədər olan dövrünü öyrənən zaman bu kitabdan geniş istifadə edirdilər və o səbəbdən də həmin kitabların müəlliflərini yaxşı tanıyırdılar. Bu kitabın maraqlı tarixçəsi var idi. İlk öncə bu kitab oçerklər formasında deyil, "Azərbaycan Kommunist Partiyasının tarixi" adı ilə hazırlanmışdı və 1958-ci ildə onun birinci cildi nəşr edilmişdi. Bu nəşr bir neçə səbəbdən SSRİ rəhbərliyinin və şəxsən N.Xruşşovun qəzəbinə düçar olmuşdi. 1958-ci ilin noyabrında Sov.İKP MK yanında partiya tarixi institutundan böyük bir heyyət Bakıya gəlmiş və bu kitabla bağlı 4 günlük müşavirə keçirib onun əsas tezislərini "darmadağın" etmişdilər. Moskva bu kitabla ona görə razılaşmırdı ki, burada "Hümmət"ə geniş yer verilmiş və Azərbaycan Kommunist Partiyasının "Hümmət"in bazasında yarandığı əsaslandırılmışdı. Sovet rəhbərliyini narazı salan ikinci mühüm məsələ bu kitabda N.Nərimanovun fəaliyyətinə geniş yer verilməsi və onun Azərbaycanda gedən tarixi hadisələrin fövqünə qaldırılması idi. Moskvadan müşavirəyə gələnlər vaxtı ilə Stalin tərəfindən irəli sürülmüş sosial-iqtisadi inkişaf baxımından "Bakı Azərbaycan deyil" tezisinə bu kitabda məhəl qoyulmaması ilə heç cürə razılaşmır və buna partiyanın X qurultayının məşhur qərarının pozulması kimi qiymətləndirirdilər. Hələ gənc olmasına baxmayaraq, həmin kitabın müəlliflərindən biri məhz Tofiq Köçərli idi. Sov.İKP MK-nın müdaxiləsi ilə 1959-cu ildə kitabın nəşr olunmuş birinci cildi yığışdırıldı və iki cild bir yerdə olmaqla tövsiyə edildi ki, Azərbaycan kompartiyasının oçerkləri hazırlansın. Həmin oçerklər isə 1964-cü ildə nəşr edilmişdi. Bundan əlavə 70-ci illərin əvvəllərində Moskvada çoxcildlik "Sov.İKP tarixi" nəşr olunmuşdu ki, Tofiq müəllim həmin kitabın da müəliflərindən biri idi və bu çoxcildlikdə Azərbaycanla bağlı mövzuların bir hissəsini o, yazmışdı. Bu kitab 70-ci illərdə partiya tarixi elmində yetərincə samballı nəşr sayılırdı və müttəfiq respublikalardan çox az alimlər bu çoxcildliyin hazırlanmasında iştirak etmişdilər. Tofiq müəllimin müəllifi olduğu həmin çoxcildlik Sov.İKP MK-nın katibi B.Ponomaryovun rəhbərliyi ilə hazırlandığından həmin illərdə partiya tarixi üzrə akademik nəşr sayılırdı.

Bizim tələbəlik illərimizi əhatə edən 70-ci illərin birinci yarısında Köçərlilər artıq Azərbaycanda kifayət qədər geniş tanınan alimlər idi və əslində Bakıda onları tanımayan yox idi. Firidun müəllim 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdi və hələ 60-cı illərdə istər Üzeyir bəyin ictimai-siyasi görüşləri, istərsə də Nəriman Nərimanovun həyat və fəaliyyəti haqqında yazdığı əsərlər onu xeyli dərəcədə məşhurlaşdırmışdı. 50-ci illərin sonlarında Azərbaycanda N.Nərimanovun siyasi irsinin qaldırılması respublikada millətçiliyin güclənməsi ilə müşayiət olunduğundan 1959-cu ilin iyulunda Sov.İKP MK Rəyasət Heyəti onun rolunun qabardılmamasını tövsiyə etmişdi və bu tövsiyə əslində N.Nərimanovla bağlı tədqiqatların dayandırılması demək idi. 1966-cı ildə F.Köçərlinin "Nəriman Nərimanov" kitabının çapdan çıxması bu baxımdan böyük hadisə sayılırdı.

70-ci illərdə biz universitetin indiki İstiqlaliyyət küçəsində yerləşən aşağı binasında oxuduğumuzdan tarix fakültəsinin tələbələrini daha çox Elmlər Akademiyasının Rəyasət Heyətinin geniş zalında keçirilən bir sıra yubiley tədbirlərinə aparırdılar və mən Tofiq müəllimi ilk dəfə orada görmüşdüm. Yaxşı yadıma gəlir ki, hələ biz aspirant olanda həmin illərdə öz səliqə-sahmanı və xüsusi qaydaları ilə seçilən Ali Partiya Məktəbində keçirilən tədbirlərdə iştirak etməli olurduq. Həmin vaxt mən "partşkolanın" geniş koridorunda digər ali məktəblərin rektorlarından öz sadəliyi ilə fərqlənən Tofiq müəllimi daha yaxından görmüşdüm. Sonralar bizim şəxsi tanışlığımız da elə "partşkolada" oldu. Lakin biz tanış olanda artıq partiya dağılmış, "partşkola" adını dəyişmişdi və rektor da həmin rektor deyildi.

Ötən əsrin 90-cı illərində Tofiq müəllim parlament tribunasından Azərbaycanın "Müstəqillik aktını" oxuduğundan bu hadisə hamının yadında qalmışdı. O, "Müstəqillik aktı"nın hazırlanmasında yaxından iştirak etmişdi və bu tarixi sənədin müəlliflərindən biri idi. Əslində "Müstəqillik aktı" qəbul edildikdən sonra onun bütün fəaliyyəti bu aktdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdi. Ermənistanın Azərbaycana ideoloji təcavüzü ilə bağlı istər Ermənistanda rus dilində çıxan qəzetlərdə və istərsə də rus mətbuatında çıxan elə bir yazı olmurdu ki, Tofiq müəllim respublika mətbuatında ona cavab verməsin və Azərbaycanın əleyhinə yazı yazan redaksiyalara məktublar göndərməsin. Bu yazılar tək elmin və sənədlərin gücünə deyil, həm də məntiqin təkzibedilməz gücünə söykənirdi. Yaxşı ki, Tofiq müəllim sonralar həmin yazıları toplayıb bir kitab halında nəşr etdirdi və həmin kitab bu böyük alimin nə qədər tükənməz enerjiyə, yüksək intellektə və hüdudsuz vətən sevgisinə malik olduğunu bir daha təsdiq edir.

Tofiq müəllim çox alicənab bir insan idi. Onda böyük həyat eşqi var idi və güclü yumor hissinə malik idi. Sabiri, Mirzə Cəlili, Mirzə Əli Möcüzü yaxşı bilirdi. Zarafat edəndə Moşu Göyəzənlinin ləhcəsində danışmağı xoşlayırdı. Azərbaycan qəzetlərində çıxan satirik şeirləri həvəslə oxuyurdu və bəzən dostlara da zəng edib oxumalarını məsləhət görürdü. Ümumiyyətlə, Tofiq müəllimin çox geniş mütaliəsi var idi və xoşuna gələn şeir parçalarını əzbər bilirdi. Bəzən Şekspirin sonetlərindən dediyi parçalar çox yerinə düşürdü. Mətbuatı izləmək onun üçün bir ənənəyə çevrilmişdi. Heç nə gözündən qaçmırdı. Hətta qəzetlərdə verilən şəkillərə qədər hər şeyə diqqət yetirirdi.

Biz Tofiq müəllimlə tez-tez zəngləşir, ara-sıra görüşürdük. Bu görüşlər ya müxtəlif tədbirlər zamanı olurdu, ya "partşkolanın" yanında, ya da Filarmoniya bağında baş tuturdu. Bəzən söhbət uzananda dənizkənarı bulvara da gedib çıxırdıq. Tofiq müəllimin mənəvi dünyası son dərəcə zəngin idi. Onunla söhbət edəndə insan zənginləşirdi. Boyu kimi mənəviyyatı da uca olan bu böyük alimlə söhbətləşməkdən insan zövq alırdı. Tofiq müəllim dərin biliyə və güclü ümumiləşdirmə qabiliyyətinə malik idi. Eyni zamanda bu keyfiyyətləri ifadə etməyi də bacarırdı. Həmin bacarıq onun əsərlərinə də sirayət etmişdi və son illərdə yazdığı "Qarabağ: yalan və həqiqət", "Yaddan çıxmaz Qarabağ. Nəqşi-cahan Naxçıvan", 2002-ci ildə nəşr olunmuş "Qarabağ" kitablarında, 2004-cü ildə nəşr olunmuş məqalələr toplusunda da özünü qabarıq şəkildə göstərmişdir. Tofiq müəllimin qələmindən çıxan bu əsərlər şübhəsiz ki, müasir tarix elmimizin böyük nailiyyəti idi və hətta Qarabağla bağlı Tofiq müəllimin araşdırması respublika Xarici İşlər Nazirliyi tərəfindən nəşr edilib bütün xarici səfirliklərimizə göndərilmişdi. Biz zorən Qarabağ olaylarına cəlb edildiyimiz gündən Tofiq müəllim çox az alimlərdən idi ki, bu məsələni daimi olaraq gündəlikdə saxladı və yuxarıda adları sadalanan kitabları yazdı. Çox böyük əminliklə deyə bilərəm ki, faktların zənginliyi, hadisələrin müqayisəli təhlili, maraqlı ifadə tərzi və ümumiləşdirmə səviyyəsinə görə bu əsərlər hələ uzun müddət Azərbaycan tarixşünaslığında öz layiqli yerini tutacaqdır. Bu gün məndən soruşsaydılar ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün hansı əsərlərin rus və ingilis dilinə tərcümə edilməsinə böyük ehtiyac var? Tərəddüd etmədən deyərdim ki, akademik Tofiq Köçərlinin "Qarabağ: yalan və həqiqət", habelə "Qarabağ" kitablarının. Bu kitablarda iki əsr ərzində Qarabağda gedən sosial-siyasi proseslərin, bölgənin həyatında mühüm rol oynayan dönüş məqamlarının canlı tarixi mənzərəsi yaradılmış və bütün baş verənlər şirin bir dildə, yığcam şəkildə təqdim edilmişdir.

Böyük alim olmaqla yanaşı Tofiq müəllim sözün tam mənasında böyük insan, böyük vətəndaş idi. Allah ona böyük ürək vermişdi və başqalarının uğuruna da böyük səmimiyyətlə sevinə bilirdi. Çox istedadlı alim, Azərbaycan memarlıq abidələrinin görkəmli araşdırıcısı Cəfər Qiyasi Azərbaycan MEA-nın müxbir üzvü seçiləndə Tofiq müəllimin ürəkdən sevindiyinin şahidi olmuşam. O, həmişə uca zirvələrə doğru gedən yolun yolçusu idi və mənəvi cəhətdən özünə yaxın olan adamları da buna səsləyirdi. 1998-ci ildə nəşr edilmiş və böyük alim akademik Ziya Bünyadovun əziz xatirəsinə həsr olunmuş "Qarabağ: yalan və həqiqət" kitabını həmin ilin aprel ayının 12-də mənə bağışlayanda belə bir avtoqraf yazmışdı: "Hörmətli Cəmil müəllim! Elmdə önəmli və sevindirici uğurların şəksizdir. Yeni zirvələr arzulayıram. Həmişə xoş sədan gəlsin!" Tofiq müəllim daim insanların "xoş sədasını" eşitməyə çalışırdı və tək bu iki kəlmə sözü deyil, onun arxasında duran mənanı da, həmin "xoş sədanın" gətirdiyi sevinci də daxilən yaşayırdı. Mənim Güney Azərbaycanla bağlı araşdırmamla tanış olandan sonra o, öz sevincini mənimlə bölüşdü və bu mövzunun dünyaya çıxarılmasının vacibliyini bildirdi. Bu araşdırma İstanbulda türk dilində, Harvardda ingilis dilində və Moskvada rus dilində nəşr olunanda Tofiq müəllimin sevincinin həddi-hüdudu yox idi. Məhz 2006-cı ilin noyabrında biz Bakıda bu kitabın Amerika nəşrinin təqdimat mərasimini keçirəndə həmin mərasimi elə Tofiq müəllim özü apardı. Həmin vaxt o, Moskvada cərrahiyyə əməliyyatı keçirdikdən sonra özünü o qədər də yaxşı hiss etmirdi. Amma buna baxmayaraq, Tofiq müəllim gəldi və həmin məclisi yüksək səviyyədə yola verdi. Yaxşı ki, biz o zaman həmin tədbiri lentə aldıq və indi həmin lentlər Tofiq müəllimin ən əziz xatirəsi kimi mənim şəxsi arxivimdə qalır. Moskvada nəşr olunmuş kitabın 2007-ci ilin aprelində Rusiya prezidenti yanında Dovlət Xidməti Akademiyasında keçirilən təqdimat mərasimi haqqında isə yaxın dostu, həmin akademiyanın professoru akademik Əfrand Daşdəmirov ona geniş məlumat vermişdi. Bununla bağlı da Tofiq müəllim zəng edib öz sevincini bildirdi və Əfrand müəllimlə bu barədə geniş fikir mübadiləsi etdiyini qeyd etdi.

Vəfatından bir neçə gün əvvəl bizə zəng etmişdi. Hansısa bir Moskva qəzetində vaxtilə Xəzərin Cənubunda baş vermiş Cəngəli hadisələri (Gilan Sovet respublikası) haqqında bir məqalənin dərc olunmasından söhbət açdı və orada bir sıra səhvlərə yol verildiyini dedi. Ona cavab verməyin lazım olduğunu bildirdi. İki gün sonra mən Amerikaya gedəcəkdim və gedib gələndən sonra görüşüb məsləhətləşəcəyimiz haqqında razılaşdıq. Sonra kefini soruşdum, yarızarafat-yarıgerçək: "Narazılıq etməyə əsas yoxdur" - dedi. Çox optimist idi. 80 yaşının tamam olmasına az qaldığını bildirdi. Nəvələrinin yaxşı oxumaqlarından razılığını ifadə etdi. Yanvar tətilində Əfrand müəllim gələndə bizə xingəl qonaqlığı verəcəyini də yaddan çıxarmadı və sonra da əlavə etdi ki, bu yaxınlarda Mərdəkanda yaxşı bir yerdə olub və bizi də ora aparacaq.

Yalançı "erməni soyqırımı" məsələsi Amerika konqresinin aşağı palatasında gündəliyə çıxarılan zaman Con Hopkins Universitetinin bu məsələ ilə bağlı keçirdiyi bir dəyirmi masada iştirak etmək üçün oktyabrin 28-də mən Vaşinqtona getdim. Tədbir başa çatandan sonra Corc Vaşinqton Universiteti yanında ABŞ Milli Təhlükəsizlik Arxivində işləyərkən internetdə "Turan" informasiya agentliyinin məlumatlarına baxanda gözlərimə inanmadım. Agentlik Tofiq müəllimin vəfat etməsi haqqında məlumat yaymışdı. Mənim üçün onsuz da faciəli olmuş 2007-ci ildə Tofiq müəllimin ölüm xəbəri bütün ruhumu sarsıtdı. Ən azından ona görə ki, aramızdakı yaş fərqinə baxmayaraq, Tofiq müəllim mənəvi cəhətdən mənə çox yaxın, çox əziz adamlardan biri idi. Ruhuma təsir edən bu acı xəbərin ağırlığını tək-tənha, içimdə yaşadım. Saata baxdım, Vaşinqtonda axşamüstü, Bakıda isə səhər idi. Evlərinə zəng edib xanımı ilə danışdım, başsağlığı verdim, bu acı xəbərdən üzüldüyümü dedim. İtkinin böyüklüyündən səsi çox kədərli idi həyat yoldaşının. Təskinlik versəm də, bu itki elə mənim itkim idi. Onsuz da Tofiq müəllim kimi insanların sayı az idi və indi onlardan mənim üçün bəlkə də ən əzizi dünyasını dəyişmişdi. İnsanların böyük sürətlə dəyişdiyi dünyada öz mövqeyini, öz sifətini, öz mənliyini dəyişməyən Tofiq müəllim məhz dünyasını dəyişmişdi.

Cəmil Həsənli, tarix elmləri doktoru, professor