Tofiq Köçərli
 
Atamlı günlər

Bu gün bayramdır... Bəlkə də ad günü... Bəlkə də adi bir gün... Hamı atamgilə yığışacaq. Bacıların dördü də buradadır. Köməyə gəlmişik. Hərəmiz nəsə bir şey hazırlayıb gətirmişik. Anam dadlı xörəklər bişirib. Sveta və Səidə səhərdən buradadırlar. Evin əsas ağırlığı həmişəki kimi onların üzərinə düşüb. Axşamdır, yorulublar. Sveta yarızarafat, yarıdoğru, yarıəsəbi, yarı şən halda hamıya göstərişlər verir. Yerli, bəzən də yersiz. Səidə artıq deyinir. Deyinə-deyinə də bütün işləri sahmanlayır. İradə həmişəki kimi bir küncdə oturub Bilir ki, heç bir işə yaramayacaq. Ona görə də soyuqdan büzüşərək bir tərəfə sığınıb. Afət gərgin bir günün təsiri altından çıxmaq ərəfəsindədir.

Qapı döyülür. Gələn anamın "gülməşəkər" balası Asəf və onun ailəsi - göyçək, ağappaq balalarıdır. Adilənin əlində yenə də böyük bir bağlama var. Bu ya böyük tort olacaq, ya da salat. Bəli, hər ikisindəndir. Adilə gəlməyilə dörd bacının gün ərzində gördüklərini beş dəqiqəyə tamamlayacaq.

Anamın "körpə, ərköyün balası" - ailənin kiçik oğlu – artıq saçına dən düşmüş, bir qədər şişmanlamış. Asəf yenə də ac olduğunu nümayişkaranə şəkildə elan edərək ağzına əlinə gələni atajaq, bir qədər sakitləşəjək. Uşaqlar bir-birinə qarışıb. Rüstəm, Cavid, Ülkər, Gülşən, Nəzrin, Pərvin... Səs-küydən qulaq tutulur.

Qapı döyülür. Gələn Nigar, Nəsrullah və "kukla" Mehindir. Xanım-xatın Nigar da həmişə olduğu kimi əli dolu gəlib. Babasının sevdiyi salatlar bu gün də masanın üstündə olacaq.

Tez-tez uşaqlara ajıqlanırıq. Ancaq heç bir təsiri yoxdur. Uşaqlar bir otaqdan o birinə qaçır, divanın üstündə hoppanır, hər şeyi demək olar ki, "sındırıb tökür", öz evlərində qoyulan bütün qadağalara meydan oxuyurlar. Qapı döyülür. Leyla və Əfqandır. Ailənin "Barbi"si içəri daxil olur. Onunla öpüşüb görüşmək hamıya çətinlik törədir. Axı boyu çox ucadır. Bəziləri buna gözəllik deyir. Bəziləri də əyri-əyri baxıb sanki, "bunun nəyi gözəldir" deyə çaşqın-çaşqın düşünürlər.

Qapı döyülür. Gələn Qabilin ailəsidir. Qələn Qabili ailəsidir: Qabil, Nigar, Gunel, Fuad. Su sonası, gözəl Günel atasını tələsdirəcək. Su sonası, gözəl Günel də atasını tələsdirəjək. Bilmir danışsın, ya danışmasın, gülsün, ya gülməsin. O darıxır getməyə tələsir. Gözündən gülən, Yunan əsatirlərinin qəhrəmanlarına bənzəyən, duzlu-məzəli sözləri ilə getdikcə daha çox atasına çəkən Fuad da narazıdır. Axı, onu dostları gözləyir. Atası isə onu "qoca"ların yanına dartıb gətirib. Ürəyində fikirləşir. "Kaş bu yarım saat tez keçəydi"...

Bir azdan kürəkənlər – Oqtay, Azad, Firudin, Davud da evə yığışır. Hər şey hazırdır. Hamı otağa toplaşır. Anam xörəkləri masaya düzür.

Atam içəri daxil olur. Nə müqəddəs, nə gözəl bir an...

Gülərüz, qırışlarla dolu, nurlu bir sima!

Hamıya tanış təbəssüm!

Qolları açıq, hamını qucar bir jest!

Qapının girişindən masaya gedən kiçik bir bir yol boyu - kürsüyə doğru aparan inamlı addımlar!

Masanın başına keçən, bütün diqqəti, nəzərləri özündə cəmləşdirən İnsan!!!

Hamımızı xoş sözlərlə salamlayacaq, bayram münasibəti ilə təbrik edəcək, badələri qaldıracaq. İlk kəlmələri ilə hamının ovqatı birə-on qalxacaq. Bir azdan badələrin sayı artacaq, atam sağlıqlar deyəcək, odlu-alovlu natiqə çevriləcək, şerlər söyləyəcək, dahilərdən misallar gətirəcək, öz sözü-söhbətləri ilə, getdikcə yüksələn səsi ilə otağa sığmayacaq...

Söylədiyi sağlıqlarda gözəl məntiq söykənən bir sıralanma olacaq.

Əvvəlcə böyük oğlu Qabil haqqında deyəcəkdi. "Qoca" (onun müdrik olmasına işarə idi) Qabilin ağıllı, bilikli, gözəl hafizəyə malik olduğunu ilk öncə vurğulayacaqdı. Yeri gəldikcə söhbətə uyğun, nöqtəsinə düşən, gülməli atmacalar atan, özü sakitcə dayanıb baxan, masanın ətrafındakıları sözləri ilə uğundurub güldürən oğlunun uğurlarına sevinəcəkdi.

Oqtayın ciddiliyini, qızlarının məktəb illərində dərsə aparıb gətirməsini qeyd etməli idi.

Növbəti sağlıqda Azadın zəhmətsevərliyini, düzgünlüyünü, xasiyyətinin həlimliyini söyləyəcəkdi.

Firudinə "polkovnik" deyə müraciət edəcəkdi. Onun bığlarını "sığallaya-sığallaya" oturuşunu, bağ əhvalatlarını, "cız-bız" kababını yada sala-sala, ağır, samballı təbiətindən danışacaqdı.

Davudun mərdliyini, güclü, risk etməkdən çəkinməyən , az yaşında çox iş görən bir insan kimi xarakterizə edib sağlığına badə qaldıracaqdı.

Asəfin ailəyə bağlılığını, ailə üçün özünü oda-suya vurmasını, "yox" yerdən "nəsə" çıxarmasını bir sözlə hər birimizin ən müsbət keyfiyyətlərini qabardılmış şəkildə vurğulayacaqdı.

"Naimudreyşaə" adını verdiyi Solmazın məzəli sərgüzəştlərindən danışacaq, "naz-naz" İradənin könlünü alacaq, Səidəyə sual verəcəkdi: "Səidə, bu gün selektor iclasında hansı məsələ müzakirəyə qoyulmuşdur?" (Səidənin telefonu üç nəfərin eyni vaxtda danışmağına imkan verirdi: Atam buna işarə edirdi. Səhərlər, biz bacılar, bir-birimizdən hal-əhval tutmaq üçün (bəzən qeybətsizdə keçinmirdik) bu telefon vasitəsilə söhbətləşirdik.)

"Qaranquş" qızı gözəl Afətdən, "Qaşı-qara, gözü qara, qara ceyran" Ülkərin dərrakəsindən, Eldarın qətiyyətindən, Rüstəmin yaşına uyğun olmayan məntiqindən, Günelin biliyindən, gözəlliyindən, Arslanın müasir dünyagörüşündən sözlər deyəcəkdi. Əsas sağlıqların birində anama, son illərdə olduğu kimi "mənim məhəbbətim" deyə müraciət edəcəkdi. (Televiziya seriallarının ziyanını tez-tez söyləyən atam yalnız bu müraciət növlərini bəyənir, biz övladlarına da bu münasibəti arzulayırdı. "Моя любовь", "Жизнь моя" və s.). Anamın zəhmətkeşliyindən, gözəlliyindən bəhs edəcək, vurğulayacaqdı: Əgər ananız məni ailə problemlərindən, uşaqların tərbiyəsi, təhsili və s. problemlərdən azad etməsəydi, yəqin ki, mən akademik ola bilməzdim. Biz qızlarına da anamız kimi olmağı, həyat yoldaşlarımızın daimi inkişaf etməsinə yardımçı olmamızı tövsiyyə edəcək. Daim öz üzərimizdə işləməyi, öyrənməyi, yüksək zirvələrə doğru addımlamağımızı, yalnız ali hisslərlə yaşamağı, vətən üçün çalışmağı "təlimat" olaraq, nəsihət olaraq tapşıracaqdı.

Bu sağlıqlar Puşkin, Tutçev, Lermontov, Radişevin şerləri ilə səsləşəcəkdi. Hötenin "Muğamnamə"sindən sitatlar gətirəcək, S.Vurğunun "Vaqif" pyesini əvvəldən-axıradək əzbər söyləyəcəkdi.

Daha nələr, nələr...

Bu gün hamı deyəcək, güləcək, qəh-qəhə çəkəcək. Yeyəcək, içəcək, sevinəcək, şadlanacaq... O gecə uzun... unudulmaz bir gecə olacaq. Bütün atamlı günlər kimi...

P.S. O, heç nə söyləmədən bizi tərk etdi.

Fikirləşirəm ki, görəsən, niyə?

Son günlərində anama balalarından razı olduğunu söyləmişdi.

O Qabili görmək ümidi ilə yaşadı. Qabilin dekabr ayında Yunanıstandan gəlişini gözlədi. Ancaq bu ona qismət olmadı. Bəlkə ona nəsə deyəcəkdi? Bəlkə fikirlərini, ağrılarını, arzularını, vəsiyyətini ona edəcəkdi? Bəlkə də...

Bəlkə də yox...

Biz ona Qabilin yanına getməyi çox israr etdik. Ancaq o, əvvəlcə qardaşı Firudini tək qoyub getmək istəmədi... Sonra çox sevdiyi, ata qədər hörmət etdiyi qardaşını son mənzilə yola saldı... Sonra kiçik qardaşı Maksudu tək qoymaq istəmədi... Sonra onu son mənzilə yola saldı... İçindən çəkə-çəkə. Toğrulun toyunu yola vermək üçün möhlət istədi, yaşamaq istədi... Daha sonra qardaşının ilinə hazırlaşdı... Belə-belə özü də ölümünə doğru irəlilədi.

Nəyə görə heç nə söyləmədi?

Yəqin ki, düşündü ki, əgər nə isə həll etmək lazım idisə, bunu sağ ikən etməli idi.

Ona görə də ailəyə aid olan hər bir şeyi özünə "borc" bildi. Son nəfəsinədək "borclarını" yerə yetirdi. Çətinliklə, ağrı ilə, sevə-sevə, arzulaya-arzulaya, gülə-gülə... və... heç nə demədən getdi.

İradə Köçərli, qızı