Tofiq Köçərli
 
Akademik Tofiq Köçərli

Köçərli deyəndə birinci növbədə Tofiqin böyük qardaşı Firidun Köçərli yadıma düşür. Firidunla eyni zamanda 1940-cı illərin ikinci yarısında Azərbaycan Dövlət Universitetində oxumuşuq. O, tarix fakültəsinin fəlsəfə şöbəsində, mən filologiya fakültəsini Azərbaycan dili və Ədəbiyyatı şöbəsində. O zamanlar universitetin müəllimləri də, aspirantları da, hətta tələbələri də bir-birini tanıyırdı. Yaxşı oxuyan, adlı təqaüd alan tələbələri isə bütün universitet tanıyırdı. Bu tanınmanın müxtəlif səbəbləri var idi. Universitetin (keçmiş Kommunist küçəsindəki binası, indi İstiqlaliyyət küçəsindəki binası) geniş dəhlizləri ayrı-ayrı fakültələrin tələbələrinin bir-biri ilə ünsiyyət saxlamasına imkan yaradır. Tələbələr indiki kimi çox deyildi. Aspirantlar lap az idi, yeri gəlmişkən deyim ki, bizim aspirant kursunda universitet üzrə cəmi 14 aspirant var idi. Universitetdə şəxsiyyətlərlə, alimlərlə, yazıçılarla, siyasət adamları ilə görüşlər olurdu. Müəllimlər arasında olduğu kimi, tələbələr arasında dərin səmimiyyət var idi. Yataqxana həyatı da onları, daha doğrusu, bizi birləşdiridi. Tək-tək insanlar olsa da, demək olar ki, hamı kasıb idi, hamı bir cürə idi. Maşın yox idi. Hamı necə deyərlər, bir dəstə, piyada gəlib-gedirdi. Aydındır ki, hamının intellekti eyni deyildi, savad, dərk etmə qabiliyyəti baxımından hamı eyni deyildi, amma hamı oxumağa, öyrənməyə can atırdı.

Firidun Köçərli seçilənlərdən idi. Əla təhsil göstəriciləri ilə, təmkini və mədəniyyəti ilə, universitetin ictimai həyatında fəal mövqeyinə görə. Firidun məndən iki, ya üç kurs yuxarıda idi. Universiteti bitirdi və xeyli vaxt universitetdə işlədi və daha böyük hörmət qazandı. Firidun görkəmli alim, akademik olmaqla bərabər, əsil şəxsiyyət idi və respublikada ən seçilən ziyalılardan biri hesab olunurdu. Firidun Köçərli dünyasını dəyişəndə də, ziyalılar arasıda ümumən xalq arasında ona bəslənən hörmət indi də davam edir. Mənim Firidunla tələbəlik dövründə başlanan işti münasibət heç vaxt dəyişmədi, zaman-zaman dahada möhkəmləndi.

Tofiq Köçərli ilə də eyni dostluq, yoldaşlıq münasibətlərimiz var idi. Mən Tofiqi, nisbətən sonralar tanıdım. Universitetdə müəllimliyin ilk illərində Azərbaycanın bölgələrinə qiyabiçilərə məsləhət vermək məqsədi ilə lazım olunardıq, Gəncəyə də gedərdik. Mən Gəncədə tanış olmuşam. Pedoqoji İnstitutun müəllimi idi. Elə o zmanlar bir pedaqoq kimi ona bəslənən hörməti, ehtiramı görürdüm. Universitetin filologiya fakultəsini bitirən bir neçəsi həmin institutda işləyirdilər. Müşahidələrimdən də, onların söhbətlərindən də başa düşürdüm ki, gənc olmasına baxmayaraq, Tofiq bu insitutun ən sayılan, sözü keçən, müəllim və tələbələr arasında xüsusi çəkisi olan müəllimlərdəndir. Nəyə görə? Savadına görə, pedoqoji qabilliyətinə görə, saflığına görə, müəllim və tələbələrin münasibətləsinə görə. O vaxtdan Tofiq Köçərlini tanıdım, onun inkişaf yollarını görürdüm. Tofiq həm alim kimi, həm də elm və tədris təşkilatçısı kimi inamla irəliləyirdi. Elmlər doktoru, professor oldu, sonra da Azərbaycan Milli Elmlər Akademiyasının həqiq üzvü-akademik şərəfli adına layiq görüldü.

Tofiq Köçərli geniş dünyagörünüşünə malik alim idi. Onun bilik və tətqiqat sahəsi konkret ixtisas dairəsindən kənara çıxırdı. Müəyyən tədbirlərdə, bu və ya digər bir əsərin müzakirəsində çıxışları, qeydləri onun məlumat dairəsinin səviyyəsini nümayiş etdiridi. Tofiq respublikanın ictimai həyatında da özünə məxsus rol oynayırdı, həm də praktik fəaliyyəti ilə, həm də nəşr olunan əsərləri ilə. Qarşımda onun bir kitabı durur: "Yaddan çıxmaz Qabağ", "Nəqşi-cahan Naxçıvan". Müəllifin bu kitaba yazdığı epiqraflar, onun məlumat zənginliyini göstərməkdən başqa, oxucunun gözləri qarşısında xalqını, vətənini ürəkdən sevən bir vətənpərvərin siması ucalır. Bu epiqrafların müəlliflərinin dili ilə danışan Tofiq Köçərli deyir ki, "Ey ölümsüz türk ulusu, özünə dön!" (Bilgə Xaqan), yada salır ki, "ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Ruriya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhəng islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır" (M.Ə. Rəsulzadə)

Müəllifin bu kitabında toplanmış məqalələri dövrümüzün ən mühüm hadisələrinə aid mövzularda yazılmışdır. Tofiq Köçərlinin tarixi-elmi mənbələrdən istifadə ilə müasir hadisələr yanaşma bacarığı diqqəti xüsusi olaraq cəlb edir. Erməni təbliğatına, erməni fitnəsinə, erməni uydurmasına sənədlər əsasında sərrast və məntiqli cavablar Tofiqin intellektini, siyasi düşüncə tərzini nümayiş etdirir. Tofiq Köçərli məhsuldar alim olub, onun kitabları və məqalələri Azərbaycan tarixşünaslığının inkişafında rolu olub və indi də öz əhəmiyyətini saxlayır.

Tofiq insanlarla səmimi ünsiyyət saxlamağı, insanlara hörmət etməyi, ictimai həyatda yerini bilməyi bacaran adam idi. Allah ona rəhmət eləsin.

Yusif Seyidov, dostu