Tofiq Köçərli
 
Ailə təqvimi

Hamı üçün babam böyük tarixçi, alim, akademik, ictimai xadim, siyasətçi idi, mənim üçün isə o yalnız əziz baba, ailənin dayağı, gözəl insan və ən əsası bizləri ətrafına daim yığmağı bacaran, bizi birləşdirən bir insan idi. İnsan idi deməyə dilim gəlmir, çünki baba, ömrümün son günlərinədək xatirimdə, yaddaşımda, yanımda və ən əsası ürəyimdə olacaqdır. Düzünü desəm nənəgilə gedərkən (indi artıq nənəgilə) mənim gözümün qabağına babanın mülayim təbəssümü, mənalı baxışları, qulağıma isə hər an səsi gəlir və bəzən elə gəlir ki indi dönüb babanı yenə də qabağımda görəcəyəm, həmişəki kimi "Salam Ceyran" deyə mənə yaxınlaşıb salamlayacaq. Elə gəlir ki o bizi tərk etməyib, baba hələdə bizimlədir...

Yay ayları ilin ən sevdiyim fəslidir, əlbəttə hər bir tələbə üçün tətil aylarının başlanmasına görə, amma birinci növbədə bağ mövsümü olduğu üçün. Xoşbəxtlikdən bizim bağımız düz babamgilin bağının yanında yerləşir, həmçinin iki xalamın və dayımın. Bütün yay boyu biz o bağ bu bağ gəzərdik, amma son dayanacağımız həmişə babagilin bağı olardı, axı hər birimizin həyatı, bütün hadisələr, əhvalatlar hər bir şey elə məs oradan başlayıb...

Bu yay sanki ürəyimə dammış kimi baba ilə daha çox vaxt keçirmək istəyirdim və hər bir fürsətdən istifadə edib onu videoya çəkməyə can atırdım. Indi onlara baxıb ürəyim sızlayır. O lentlərin birində baba bizi "ailə təqvimi" anlayışı ilə tanış etdi.

Artıq Sentyabr ayının 15-şi idi, axşam cağı, sərin havada, həyətdə oturmuşduq. Babanı bizim bağda qonaq edirdik və onun çox xoşladığı xörəklərdən biri cız-bız bişirmişdik, xalam oğlu Eldarın Almaniyadan tətilə qayıtmağını və bağ mövsümünün sonunu qeyd edirdik və baba badəsini qaldırıb "ailə təqvimi" yaratmaq arzusunu bildirdi və bunun şərəfinə tost dedi. O, istəyirdi ki bizlərin yəni: uşaqlarının, nəvələrinin və nəticələrinin ad günündən başqa, hərəmizin özünə aid olan günü olsun, o günlər ki, bütün ailə yığışıb sevinc dolu bir axşam yaşaya bilər. Xalam oğlu Eldarın və doğma qardaşım Arslanın günlərini özü qeyd etdi. 15 sentyabr Eldarın Almaniyadan tətilə qayıtdığı gün - Eldar günü, 30 iyun imtahanlarını uğurla bitirdiyi gün isə Arslanın günü elan edildi. Beləcədə o biri nəvələrin günləri təyin olundu. Bizlərin çoxluğunu nəzərə alıb başa düşmək olardı ki ilin demək olar ki hər günü biz yığışmalı olacaqdıq. Bu babanın bizi nə qədər sevdiyinin və tez-tez görmək istədiyinin əlaməti idi, o bunun üçün səbəb axtarırdı və ailə təqviminin təşkili ilə bu səbəbi tapmış oldu.

İndi çəkdiyim bütün lentlərə baxıb sanki babaya daha yaxın oluram və onunla günlərimi xatırlayıram Baba sizdən çox incidim... Bizim səylərimizi cavabsız qoydunuz. Ay Baba sizə nə gətirim? Baba nə alım? Baba sevdiyiniz göbələkdən bişirim? Suallarına O, indiki kimi yadımdadı, əlini qaldırıb, həm sərt, həm bu suallardan bezmiş, o zamanda başa düşərək "Yox!.. Heçnə lazım deyil! Kifayətdi!" deyə cavab verərdi. Baba bizi qoyub və getdiniz. Bəs indi biz məsləhətləri kimdən alacayıq, bir sualım yarananda heç kimsədə cavab verə bilməsə də, bilirdim ki sizdən bütün suallarıma ən düzgün cavabı məhz sizdən ala bilərəm. İndi bəs kimdən soruşum?! Bilirəm kimdən soruşsam belə, babanın cavabını almayacağam. Cavabsız suallarla qalacağam, bəs qabaqda toylar, şənliklər, ailə yığıncaqları var. Baba onlar sizsiz necə keçəcək. Neyniyəcəyik biz sizin uzun sürən maraqlı tostlarsız, lətifələrsiz və sitatlarsız, hər bir işimiz sizsiz tam olmayacaq.

Birdə bir şeyi xatırlayıb üzülürəm. Sizdən çəkindiyimə görə, aramızda olan sərhədi keçə bilmədiyimə görə sizi bir dəfə olsun belə çox istəsəm də yaxınlaşıb, bərk-bərk qucaqlayıb, öpüb, nə qədər çox istədiyimi deyə bilmədim. Hər dəfə reaksiyanızdan çəkinirdim, amma indi başa düşürəm ki, hisslərinizi göstərməsənizdə, sizə bu hərəkətim xoş gələrdi. Vaxtı geriyə qaytara bilsəydim...

Babam haqqında deyiləcək söz çoxdur. Bu mətni yazdım, lakin ürəyimdəkilərin hamısını bir yazı çərçivəsində ifadə etmək təəssüf ki, mümkün deyil. Sonda demək istərdim ki, baba gedərkən mənə bir sərvət buraxdı, amma bu düşündüyünüz sərvətlərdən deyil. Bu puldan, var dövlətdən, şan şöhrətdən daha qiymətli, saf, fəxri bir sərvətdir. Bu sərvət onun soyadıdır. Mən əminliklə deyə bilərəm ailə təqvimində olan hər bir şəxs bu soyada layiq olmağa çalışacaqdır və ən əsası biz, nəvələri, babanın bizə olan ümidlərini doğruldacağıq və bu böyük soyadı, Köçərli soyadını daşıyan layiqli övladlar olacağıq.

Pərvin İbrahimi, nəvəsi